Bakı. 25 oktyabr. REPORT.AZ/ "Sayca 6-cı dəfə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu çox nadir əhəmiyyətə mailkdir".
“Report” xəbər verir ki, bu fikri jurnalistlərə Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets deyib.
O, forumun müzakirə olunan mövzulara görə mühüm olduğunu bildirib: “Gələcək nəsillərimizin taleyi insanların humanitar məsələlərə münasibətindən, sivilizasiyalar, mədəniyyətlər, dinlər arasında dialoqun vüsət almasından asılıdır”.
Azərbaycanla humanitar sahə də daxil olmaqla qarşılıqlı faydalı münasibətlərin qurulması üçün əllərindən gələn səyləri göstərdiklərini vurğulayan O.Qolodest iki ölkənin həyata keçirdiyi müştərək layihələr sırasında Tretyakov Rəsm qalereyasında geniş tamaşaçı kütləsi toplayan “Abşeron kəhkəşanları” sərgisini, “Böyük Teatr”da Azərbaycanın “Məhəbbət əfsanəsi” baletinin nümayişini misal çəkib.
Onun sözlərinə görə, bununla yanaşı, tərəflər arasında müştərək gənclər proqramları da nəzərdə tutulur.
Xatırladaq ki, bu gün Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.