ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb

ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilən tədbirlərin keçirilməsinə başlanılıb.
Sərgilər
4 Dekabr , 2019 11:51
ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilən tədbirlərin keçirilməsinə başlanılıb.

“Azərxalça”dan "Report"a verilən məlumata görə, dekabrın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

ABŞ-da yaşayan soydaşlarımızın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın, bu ölkənin tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.

“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək xalçaçılıq tarixindən danışıb, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün ən yüksək inkişaf dövrünü yaşayır. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.

O.Rzayev deyib ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam,Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsindədir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.

Bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Azərbaycan dövləti tarixi Qarabağ xalçalarını yaşadaraq onun əvvəlki şöhrətini özünə qaytarır.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, “Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət Palatasının birgə keçirdiyi tədbirlər həftə ərzində davam etdiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi