“AzerGold” QSC-nin layihələr portfelinin icrası məqsədilə tələb olunan vəsaitin korporativ maliyyə aləti hesabına təmin etmək kimi uğurlu təcrübəsi mövcuddur.
“Report”un məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, ötən il Cəmiyyət tərəfindən 20 milyon ABŞ dolları dəyərində istiqrazlar tədavülə buraxılıb: “İstiqrazlar uğurla emissiya edilərək həm geniş xalq kütləsi üçün sərfəli investisiya imkanı yaradılıb, həm də layihələrin icrası alternativ maliyyə mənbəyi hesabına sürətləndirilib. Bununla da Cəmiyyətimiz istiqraz tədavülə buraxan ilk milli dağ-mədən şirkəti kimi tarixə düşüb. Söz düşmüşkən, bir neçə gün öncə “AzerGold” “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə MBD ölkələri arasında təşkil edilən nüfuzlu “Cbonds Awards 2021” mükafatına da layiq görülüb”.
Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğunu qeyd edən Z.İbrahimov bildirib ki, bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd etmək olar: “Şirkətin bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən deyə bilərik ki, Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcək”.