“Şərqi Zəngəzur iqtisadi rayonu təbii sərvətlərlə zəngindir. Həm Zəngilanda, həm də Kəlbəcərdə qızl ehtiyarı var. O cümlədən Zəngilandakı "Vejnəli" qızıl yatağı ehtiyatının həcminə görə seçilən yataqlardandır. Bu yataq həm də mis və digər təbii ehtiyatların istehsalına imkan verəcək".
Bunu “Report”a açıqlamasında yatağın Azərbaycan iqtisadiyyatı üçün önəmindən danışan millət vəkili Vüqar Bayramov deyib.
"Bazara yerli istehsal edilmiş qızıl məmulatlarının çıxarılacağı gözlənilir"
Vüqar BayramovMilli Məclisin deputatı
"Azərbaycan qızıla olan tələbatını ödəyəcək"
“Şərqi Zəngəzur iqtisadi rayonunda qızıl istehsalının bərpa edilməsi və genişləndirilməsi Azərbaycanda yeni emal sənayesinin formalaşmasına imkan verəcək. Çünki həmin yataqda hasil ediləcək qızılın bir qismi emal olunacaq və daxili bazara çıxarılacaq. Bu həm də valyuta ehtiyatlarımızın artmasına təsir göstərəcək. Bazara yerli istehsal qızıl məmulatlarının çıxarılacağı gözlənilir. Bu da yaxın zamanlarda reallaşacaq. O baxımdan Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycandan qızıla olan tələbatının ödənilməsində xüsusi paya malik olacaq", - deyə o, qeyd edib.
İqtisadçı-ekspert Eldəniz Əmirov da sözügedən qızıl yatağının iqtisadiyyatımız üçün önəmini vurğulayıb:
"Vejnəli" yatağı Şərqi Zəngəzur iqtisadi rayonuna investorların cəlb edilməsində, bu ərazinin potensialının üzə çıxmasında təsirini göstərəcək”
Eldəniz Əmirovİqtisadçı-ekspert
"Şərqi Zəngəzur iqtisadi rayonuna investorlar cəlb ediləcək"
“İşğal atında qalan yataqlarımızı uzun müddət Ermənistan istismar edib. Bunlardan biri də “Vejnəli” qızıl yatağıdır. Artıq bu yataq işğaldan azad edilib və bundan sonra Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək, Şərqi Zəngəzur iqtisadi rayonuna investorların cəlb edilməsində, bu ərazinin potensialının üzə çıxmasına təsirini göstərəcək”, - o qeyd edib.
"Azərbaycan əlavə siyasi güc qazanacaq"
Politoloq Anar Əliyev isə deyir ki, təbii sərvətlərimizin, o cümlədən "Vejnəli" qızıl yatağının xalqın, dövlətin mənafeyi naminə istifadə olunması Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə, əlavə siyasi güc qazanmasına gətirib çıxaracaq: “Azərbaycanın bütün ərazilərində olduğu kimi Qarabağda da artıq təbii sərvətlər ölkə iqtisadiyyatının inkişafı üçün istifadə olunacaq. Bu da Azərbaycanın güclənməsində mühüm rol oynayacaq. Burada çox ciddi siyasi amillər var və Azərbaycanın öz torpaqlarının işğaldan azad etdikdən sonra bir çox istiqamətlərdə xarici şirkətlərlə, xarici dövlətlərlə əməkdaşlıq etməsi dövlətin beynəlxalq imicinin yüksəlməsi, əlavə siyasi güc qazanması deməkdir".
"Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra xarici şirkətlərlə, xarici dövlətlərlə əməkdaşlıq etməsi dövlətin beynəlxalq imicinin yüksəlməsi deməkdir"
Anar ƏliyevPolitoloq
“Vejnəli” qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası kəşf edib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb.