Bakı. 29 yanvar. REPORT.AZ/ Qafqaz və Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” şirkəti 1 illik hesabatını təqdim edib.
“Report” xəbər verir ki, istehlakçılara tam sintetik mühərrik yağları təqdim edən “Technol” fəaliyyət göstərdiyi 1 il ərzində toplam 5 000 ton məhsul istehsal edib. Bu məhsullar ölkə daxilində satılmaqla yanaşı, Gürcüstan və Türkiyəyə ixrac edilib.
Şirkətin 1 yaşı ilə bağlı keçirilən tədbirdə illik hesabatı qonaqların diqqətinə çatdıran “Technol” şirkətinin direktoru Murad Rəfiyev bildirib ki, şirkət 1 il ərzində ölkə əhəmiyyətli 9 tenderin qalibi olub, bu müddət ərzində 1 125 satış nöqtəsində məhsulları müştəriyə təqdim edib, 195 korporativ müqavilə imzalayıb: “Şirkətimizin qalib olduğu 9 tenderin siyahısında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Dəmir Yolları", "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərsu" ASC, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Azərikimya" İstehsalat Birliyi kimi böyük dövlət qurumlarının keçirdiyi tenderlər var. Qazandığımız tenderlər içində ən böyüyü Müdafiə Nazirliyinin tenderidir. Bu gün Azərbaycan Milli Ordusunun bütün növ texnikalarının yağla təminatını “Technol” şirkəti həyata keçirir. İlk ilimizdə bir neçə beynəlxalq sertifikat almışıq ki, bura ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sertifikatı, ISO 14001:2015 Ekoloji İdarəetmə Sertifikatı, ISO 17025:2005 Bbeynəlxalq laboratoriya idarəetmə standartı üzrə sertifikatlar daxildir”.
M.Rəfiyev qeyd edib ki, müəssisədə toplam 82 çeşiddə məhsul istehsal edilib: “Bura universal mühərrik yağları, dizel yağları, transmissiya yağları, gress, gəmi, digər sənaye yağları daxildir. Qeyd olunan bütün məhsullar yüksək keyfiyyətlə istehsal olunmaqla yanaşı, “Paşa Sığorta” tərəfindən məsuliyyət sığortası ilə sığortalanıb. Bu da məhsulumuzun keyfiyyətindən tam əmin olmağımız anlamına gəlir”.
Tədbirdə çıxış edən şirkətin texnoloqu, kimya mühəndisi Ayşegül Çelikkesen məhsulların hazırlanması, çeşidi, keyfiyyəti və tələbatı qarşılamaq üçün görülən işlərdən danışaraq bildirib ki, "Technol" texnologiyanı yaxından izləyərək məhsul portfelinə yeni məhsullar qatır.
“Technol”un ölkədə investisiyanın təşviqi sənədini alan ilk şirkətlərdən olduğunu bildirən İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin direktor müavini Fikrət Qurbanov qeyd edib ki, “Technol”un uğurlarında Nazirliyin də payı var: “Oxşar preferensiyalar sənaye parklarında da verilir. Bu sənəd 7 il müddətinə vergidən, gömrük rüsumundan, ƏDV-dən azadolmanı ehtiva edir”. Nazirliyin rəsmisi "Technol" şirkətini bundan sonra da dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
“Technol”un beynəlxalq tərəfdaşlarından olan "Chevron" şirkətinin baş satış direktoru Kerem Tercan tədbirdə çıxış edərək "Technol"a verilən xammalın təmsil etdiyi şirkətin Fransadakı zavodundan gətirildiyini bildirib. “Biz sadəcə “know-how” və xam maddə təqdim edirik. Əsas iş isə “Technol”un üzərinə düşür. "Technol"la "Chevron" arasındakı əməkdaşlıqdan çox məmnunuq və bu əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq", - o əlavə edib.
Tədbirdə çıxış edən "Technol"un həmtəsisçisi Elvin Hacıyev 1 il ərzində əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu müddətdə ixraca başlanılıb, istehsal, logistika və anbar gücü iki dəfə artırılıb.
O, gələcək hədəflərə də toxunaraq bildirib ki, hədəflər daha böyükdür: "Bunların başında keyfiyyətli məhsul, yaxşı xidmət və ən əsası tərəfdaşların maraqlarını qorumaq dayanır. Bu ildə də bizim hədəflərimiz Azərbaycanın bütün bölgələrinə, ən ucqar yerlərinə belə məhsullarımızın əlçatan olmasını təmin etməkdən ibarət olacaq. Eyni zamanda, məhsullarımızın "Made in Azerbaijan" markası altında bir çox ölkələrə çıxarılması üçün işlərə başlamışıq”.
Şirkətin həmtəsisçisi hədəfin sadəcə kommersiya və biznes maraqlarından ibarət olmadığını, sosialyönümlü layihələrə də başlanıldığını, kadrların yetişdirilməsi, tələbələrə təqaüdlərin ayrılmasının bu qəbildən olduğunu qeyd edib.