İlk xəbər saat 12:05-də verilib
Bakı. 16 fevral. REPORT.AZ/ Tarif Şurası Azərbaycanda ABŞ dollarının məzənnəsinin son iki həftə ərzində xeyli düşməsinə baxmayaraq, daxili bazarda dərman preparatlarının ucuzlaşmamasının səbəbini açıqlayıb.
"Report" xəbər verir ki, bugünkü brifinqdə Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə bildirib ki, qiymətlərin düşməməsi manatın hələ yetərli səviyyədə bahalaşmaması ilə bağlıdır: "Biz dərman vasitələri üzrə dolların məzənnəsini 1,71 AZN/USD civarında götürmüşük. Dollar ucuzlaşsa da, hələ həmin səviyyədən aşağı düşməyib".
İ.Məcidov deyib ki, 2014-cü ildə bir qutu dərman orta hesabla 3 dollara ölkəyə idxal edilirdi: "Bu rəqəm 2015-ci ildə 2,2 dollar olubsa, indi 1,5 dollardır. 50-dən çox idxalçı ölkəyə 1 000-ə yaxın zavoddan dərmanlar idxal edir. Bu ilin yanvarında dərman vasitələrinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artıb".
***
Tarif Şurasının katibi əlavə edib ki,bu ilin yanvar ayının sonunda ölkədə dolların məzənnəsinin 10 gün ərzində artması, sonradan isə yenidən azalması dərman vasitələrinin ölkəyə idxalına təsir edib.
İ.Məcidov deyib ki, əgər artımdan sonra dolların məzənnəsi 1,92 AZN/USD civarında qalsa idi, Şura cari qiymətlərə yenidən baxacaqdı: "Azərbaycan müstəqilliyi tarixində ilk dəfə idi ki, belə bir hal yaranırdı. Əgər məzənnə 1,92 manat səviyyəsində qalsaydı qiymətlərə yenidən baxılacaqdı".