Yuxarı

Sumqayıtda sənaye müəssisələrində xammal və materiallarda səmərəli istifadə mövzusunda forum keçirilib

Tədbir BMT Sənaye İnkişafı Təşkilatının “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” Proqramı çərçivəsində təşkil olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Sumqayıtda BMT Sənaye İnkişafı Təşkilatının “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” (RSDTİ) Proqramı çərçivəsində “Xammal və material resurslarından səmərəli istifadə” mövsuzunda forum keçirilib. Bu barədə "Report"a layihənin milli əlaqələndiricisi Rauf Rzayev məlumat verib.

Dövlət qurumları, yerli idarəetmə orqanları, biznes dairələri və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə keçirilən tədbirdə forumda sənaye istehsalında xammal və materialların səmərəli istifadəsi sahəsində imkanlar və nəticələr müzakirə edilib, bu sahədə ən yeni yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

"Maraqlı tərəflər üçün təşkil olunan silsilə forumlar RSDTİ-nin yerli şəraitə uyğunlaşdırılmasının bir mərhələsi olmaqla hökumət nümayəndələri, müəssisələr və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən RSDTİ praktikasının təkmilləşdirilməsi üçün platformanı təmin edir. Forumların davamlı olaraq keçirilməsi maraqlı tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı anlaşılmanın inkişaf etməsinə xidmət edir və biznesin təbii inkişafı və formalaşmasına impuls verir. RSDTİ-nin əsas iqtisamətləri enerji, xammal və materiallardan səmərəli istifadə, emissiyalar, bərk tullantılar və istehsalat tullantılarının azaldılmasından ibarətdir", - deyə R.Rzayev qeyd edib. 

Forum ölkədə əlverişli inkluziv və dayanıqlı sənaye inkişafının tətbiqi nəzərə alınmaqla milli inkişafın məqsədləri və özəl sektorun maraqları kontekstində Azərbaycanda RSDTİ yanaşmasının məqsədəmüvafiqliyi və faydalarını tədqiq edir.

Əlaqələndiricinin sözlərinə görə, forumun nəticələri gələcək kommunikasiya və dəstək fəaliyyətləri üçün əsas olmaqla emal sənayesində fəaliyyət göstərən şirkətlərin öz bizneslərinin genişləndirilməsinin yolu kimi RSDTİ-nin adaptasiyası və qəbul edilməsi məqsədlərinə xidmət edəcək.

Xatırladaq ki, Avropa Komissiyası tərəfindən təsis edilmiş "EaP Green" (Ətraf mühit və artım üçün tərəfdaşlıq) Proqramı Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə "yaşıl" iqtisadiyyata keçidin başlanılması üçün dəstək göstərir (www.eap-green.org). "EaP Green" OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) koordinasiyası ilə bir sıra beynəlxalq təşkilatlar – UNECE (BMT-nin Avropa İqtisadi Komissiyası), UNEP (BMT-nin Ətraf Mühit Proqramı) və UNIDO (BMT-nin Sənayenin İnkişafı Təşkilatı) tərəfindən icra olunur. Proqram çərçivəsində UNIDO Azərbaycanda RSDTİ Proqramını həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi