Bakı. 14 aprel. REPORT.AZ/ "SOCAR Polymer" şirkətinin Sumqayıt Kimya Sənaye Parkında yerləşməsinin bizim üçün çox böyük əhəmiyyəti var”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov deyib.
F.Cəfərov deyib ki, “SOCAR Polymer”in Sumqayıt Kimya Sənaye Parkında yerləşməsi böyük vergi güzəştlərinə şərait yaradıb: “Dövlət bu layihəyə 100 mln. dollara qədər vergi güzəşti dəstəyi verib. Layihə iki zavoddan ibarətdir. Onlardan biri polipropilen, digəri isə yüksək sıxlıqlı polietilen zavodudur. Ümumi işlərin 60%-dən çoxu görülüb: polipropilen zavodunda işlərin 72-73%-i, yüksək sıxlıqlı polietilen zavodunda isə 30% işlər tamamlanıb”.
Baş direktorun sözlərinə görə, şirkətin işçi dili ingilis dili olacaq: “Bu, işçilərə imkan yaradacaq ki, onlar xaricdə təcrübə keçsin. İstehsal edəcəyimiz məhsulun təxminən 30%-i daxili bazarı təmin etmək üçün, qalan hissəsi isə ixrac üçündür. Polipropilen zavodunun istehsal gücü 180 min ton, yüksək sıxlıqlı polietilen zavodunun isə 120 min tondur. Əsas ixrac bazarı Türkiyədir. Təxminən məhsulun 50%-i Türkiyə, 15%-i Rusiya, digər hissəsi isə Cənubi Avropa ölkələrinə yönəldiləcək”.