"SOCAR Polymer”in istehsal edəcəyi məhsullara dair tədbir keçirilib

"SOCAR Polymer”in istehsal edəcəyi məhsullara dair tədbir keçirilib Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti - "STDC" MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib
Sənaye
14 Aprel , 2017 15:16
SOCAR Polymer”in istehsal edəcəyi məhsullara dair tədbir keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 50-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib: "Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib".Biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verən nazir investisiya təşviqi mexanizminin yaradılması nəticəsində qısa müddətdə 130 layihəyə investisiya təşviqi sənədinin verildiyini qeyd edib. Onun sözlərinə görə, bu layihələrin 62%-i sənaye sahəsinə aiddir və onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,25 mlrd.manatdan çox investisiya qoyulacaq və 8 mindən çox yeni iş yeri açılacaq.

Ş.Mustafayev qeyd edib ki, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılmış Sumqayıt Kimya, Balaxanı, Qaradağ sənaye parkları artıq fəaliyyət göstərir və bu parklara rezidentlər cəlb olunaraq onların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur və güzəştli rejim yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun çeşidi və həcminə görə ən böyük sənaye parkıdır. Parkın artıq 10 rezidenti var. Sənaye Parkında rezidentlər tərəfindən bu il 5, gələn il isə 2 müəssisisə istifadəyə veriləcək və bu müəssisələr idxalı əvəz edən və ixracyönümlü məhsullar istehsal edəcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 mlrd. ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihələrindən biri olan "SOCAR Polymer"in icra vəziyyətinin daim ölkə başçısının nəzarətində olduğunu qeyd edən nazir “SOCAR Polymer” layihəsinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. “SOCAR Polymer” MMC-nin istehsalı olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarlığın xammala olan tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək". Qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən, bu müəssisənin istehsal edəcəyi məhsullardan istifadə etməklə yeni zavod və fabriklərin, istehsal sahələrinin yaradılması məqsədilə sahibkarlar arasında geniş təbliğat işləri aparılmalı, iş adamları “SOCAR Polymer”in məhsulları ilə tanış edilməlidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Polymer” layihəsinin əhəmiyyəti barədə məlumat verərək, müəssisənin ölkədə digər sənaye sahələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Layihənin Azərbaycanda sahibkarlığın inkişafına töhfə olduğunu, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin layihəyə cəlb edildiyini diqqətə çatdıran SOCAR prezidenti burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının yerli şirkətlər tərəfindən ölkəmizdə son istehlak malları istehsal edilməsinə yaradacağı imkanlardan bəhs edib. Qeyd olunub ki, zavod istismara verildikdən sonra qeyri-neft sənayesinin ən iri və aparıcı müəssisələrindən olacaqdır. “SOCAR Polymer”in istehsal edəcəyi məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qurumun fəaliyyəti və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov parkda yaradılan şərait, sahibkarların səmərəli fəaliyyəti üçün qurulan infrastruktur, tətbiq olunan güzəştlər və rezidentlər haqqında danışıb.

“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib ki, müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. Şirkətin 2018-ci ildə illik istehsal gücü 180 min ton polipropilen olan və ildə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal etmək gücündə olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Bu məhsullar üçün xammal olaraq “Azərikimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaqdır. Qeyd olunub ki, hazırda zavodun tikintisində 1500-ə yaxın işçi çalışır. Müəssisə fəaliyyətə başladıqdan sonra isə 300 nəfər daimi işlə təmin olunacaqdır.

Tədbirdə sahibkarlara “SOCAR Polymer”in istehsal edəcəyi məhsullardan istifadə imkanlarına dair müzakirələr aparılıb, onların sualları cavablandırılıb, həmçinin, Sumqayıt Kimya Sənaye Parkının yeni, 10-cu rezidenti “STDC” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.

Son xəbərlər

Orphus sistemi