“Qaradağ” yatağında mis ehtiyatlarının ilkin qiymətləndirilməsi başa çatıb

Sənaye
  • 26 sentyabr, 2024
  • 14:19
“Qaradağ” yatağında mis ehtiyatlarının ilkin qiymətləndirilməsi başa çatıb

“Qaradağ” yatağının ümumi mis ehtiyatları 900 min ton səviyyəsində qiymətləndirilir.

"Report" bu barədə Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining" (AMM) şirkətinin məlumatına istinadən xəbər verir.

“Anglo Asian Mining plc” “Qaradağ” mis yatağının mineral ehtiyatlarının ilkin müstəqil qiymətləndirilməsinin başa çatdığını elan edib. Böyük Britaniyanın “Mining Plus” şirkəti tərəfindən aparılan qiymətləndirmə yatağın 0,32 %-i mis olmaqla 285 milyon ton minerallaşmaya malik olduğunu təsdiqləyir. Yatağın ümumi geoloji ehtiyatları (göstərilən və təxmin edilən) təqribən 900 min ton mis həcmində qiymətləndirilir”, - məlumatda bildirilib.

Eyni zamanda, 86,9 milyon ton minerallaşmada göstərilən ehtiyatlar (indicated) kateqoriyasında 304,3 min ton mis, 198 milyon ton minerallaşmada isə təxmin edilən (Inferred) ehtiyatlar kateqoriyasında 592,6 min ton mis var.

Yatağın ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsinin beynəlxalq təsnifat sisteminin (JORC) tələblərinə uyğun olaraq hesablanıb. İlkin mineral resurs qiymətləndirməsi ümumi dərinliyi 25 620 metr olan 113 quyu əsasında həyata keçirilib.

AAM həmçinin bildirib ki, mineral resursların qiymətləndirilməsi 1 ton misin satış qiyməti 9 000 ABŞ dolları olmaqla hazırlanıb.

Bundan başqa, şirkət yatağın mövcud mineral ehtiyatlarının qiymətləndirilməsinin təkmilləşdirilməsi və yenilənməsi üçün əlavə işlər planlaşdırır. Proqrama yeni quyuların qazılması, “AzerGold” QSC tərəfindən əvvəllər qazılmış və təhlili aparılmayan 26 quyunun təhlili, gələcək mineral potensialının qiymətləndirilməsi üçün kəşfiyyat işləri və bir sıra digər işlər daxildir.

"Biz mineral resursların və onların kateqoriyalarının genişləndirilməsi üçün yatağın öyrənilməsini səbirsizliklə gözləyir və hasilata başlanılmasını planlaşdırırıq. “Qaradağ” yatağından hasil ediləcək mis “Anglo Asian”ın strateji inkişaf planının həyata keçirilməsinə və ilk növbədə, mis üzrə orta səviyyəli çoxprofilli istehsalçıya çevrilməsinə əhəmiyyətli töhfə verəcək”, – şirkətin vitse-prezidenti Stiven Uesthed bildirib.

Müqavilə sahəsi 340 kvadratmetr olan “Qaradağ” yatağı “Gədəbəy” qızıl yatağından 4 kilometr şimalda yerləşir. Yataqda 300 min tondan çox mis ehtiyatı var.

Qeyd edək ki, “Anglo Asian Mining” hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 8 yatağın işlənməsini nəzərdə tutu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti