Qaradağ Sənaye Parkı yaradılır

Qaradağ Sənaye Parkı yaradılır Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb
Sənaye
3 İyun , 2015 18:43
Qaradağ Sənaye Parkı yaradılır

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, dövlət başçısı ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkının yaradılmasını qərara alıb.

Sərəncama əsasən, Qaradağ Sənaye Parkının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazi olduğu müəyyən edilib. 

Eyni zamanda, sərəncamla Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti Qaradağ Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 72 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Prezidentə məlumat verməli, gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədilə sənaye parkları üçün nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərlə yanaşı, Qaradağ Sənaye Parkında digər stimullaşdırıcı tədbirlərin də tətbiqi barədə təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyinə isə Qaradağ Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Cəmiyyətə Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etmək, habelə gəmiqayırma sənayesi üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi