Tutxun çayı hövzəsində yerləşən eyniadlı qızıl təzahürü sahəsi üzrə 2025-ci ilədək geoloji kəşfiyyat proqramı çərçivəsidə süni peyklərdən alınan hiperspektral görüntülərin işlənməsi, müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların aparılması planlaşdırılır.
"Report"un məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev "Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, ötən ildən "Azergold' işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Tutxun çayı hövzəsində yerləşən eyniadlı qızıl təzahürü sahəsində müvafiq işlərə başlayıb.
X. Fərzəliyev vurğulayıb ki, 'Tutxun” sahəsi və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə hazırda müvafiq prosedurlar icra edilir:
"Gələcəkdə buruq-qazma və digər geoloji kəşfiyyat işlərinin icra edilməsi üçün sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməlidir. Bu istiqamətdə də paralel olaraq, müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır".