Bakı. 12 may. REPORT.AZ/ Bu ilin I rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksində 829 717 ton məhsul istehsal olunub.
“Report” xəbər verir ki, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3% çoxdur.
Hesabat dövründə satış miqdarı 4% artaraq 492 960 ton olub. “Petkim Holding”in satış gəlirləri 59% artaraq 1,108 mlrd. lirədən 1,766 mlrd. lirəyə çatıb.
Bu ilin I rübündə kompleksin istehsal gücündən istifadə göstəricisi isə ötən ilin analoji dövründəki 92,7%-dən 94,7%-ə qaldırılıb.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik 3,6 mln. ton istehsal gücünə malikdir.