Ötən il Azərbaycanda 2 mindən çox minik avtomobili istehsal olunub

Sənaye
  • 19 yanvar, 2023
  • 08:21
Ötən il Azərbaycanda 2 mindən çox minik avtomobili istehsal olunub

2022-ci il ərzində Azərbaycanda 522,7 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68 %, maşın və avadanlıqların istehsalı isə 58,8 % artıb.

2022-ci ildə ölkədə 2 049 ədəd və ya 2021-ci illə müqayisədə 30 ədəd və yaxud 1,4 % az minik avtomobili istehsal olunub. Bu il yanvarın 1-nə ölkədə 270 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində Azərbaycanda 588 ədəd traktor istehsal edilib. Bu, 2021-ci illə müqayisədə 9,7 % azdır. Nəticədə, bu il yanvarın 1-nə ölkədə 18 ədəd hazır məhsul ehtiyatı yaranıb.