İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyulub.
"Report" xəbər verir ki, layihə çərçivəsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu inşa ediləcək.
Mərasimdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Axundov, "Uzavtosanoat" SC-nin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov çıxış ediblər. Onlar Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.
"Bir neçə il öncə başlayan avtomobil sənayesinin birinci mərhələsində avtomobillərin yalnız yığımı nəzərdə tutulmuşdu. Bu gün ikinci mərhələdə, qaynaq və boya zavodunun təməli qoyuldu. Bu mərhələnin ardından yan sənayenin inkişafı daha da sürətlə davam edəcək. Avtomobil istehsalının növbəti mərhələsində digər ehtiyyat hissələrinin də istehsalı nəzərdə tutulub", - deyə E.Axundov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi "Azərmaş" zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. "Azərmaş" və "Uzavtosanoat" SC-lər ölkəmizdə "Azərmaş CP" müştərək müəssisəsi yaradıb, birgə layihə olan "Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı" layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. İndiyə qədər 14 modeldə 2,5 mindən çox "Chevrolet" markalı minik avtomobili və Yaponiyanın "İSUZU" brendinin avtobusları istehsal olunub.
Hacıqabul Sənaye Məhəlləsində reallaşdırılacaq "Minik avtomobillərinin istehsalı" layihəsi bu bölgənin iqtisadi inkişafına töhfə verəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov layihənin təməlqoyma mərasimində bildirib.
"Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq", - deyə o qeyd edib.
Azərbaycan və Özbəkistanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində reallaşdırmaq istədiyi "Minik avtomobillərinin istehsalı" layihəsinin detalları açıqlanıb.
"Report" xəbər verir ki, layihəni Özbəkistan vətəndaşı Otabek Salıyevin rəhbərlik etdiyi "Azərmaş CP" icra edəcək.
88 milyon manat investisiya qoyulması planlaşdırılan istehsal xətti 2025-ci ilin may ayında istismara verilməlidir. Burada ABŞ, İtaliya, Çin, Cənubi Koreya və Özbəkistan texnologiyaları əsasında ildə 30 min minik avtomobili istehsal olunacaq. Ərazisi 16 hektar, istehsal sahəsi isə 31 min kvadratmetr olacaq zavodda 1 200 nəfər işlə təmin ediləcək.