Bakı. 31 mart. REPORT.AZ/ Gürcüstan 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 67,4 milyon dollar məbləğində 319,85 min ton neft ekvivalentində təbii qaz idxal edib.
"Report" "Biznes Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin cari ilin ilk iki ayının yekunları üzrə xarici ticarətə dair hazırladığı hesabatında bildirilir.
Azərbaycan Gürcüstana bu növ yanacağın əsas tədarükçüsüdür və ölkənin bu kateqoriya üzrə ümumi idxal həcmində xüsusi çəkisi 66,2%-dir.
Hesabata görə, Gürcüstan 2015-ci ilin iki ayı ərzində ümumilikdə 101,9 mln. dollar həcmində təbii qaz idxal edib.
Yerdə qalan qaz tədarükü həcmi Rusiya və digər mənbələrin payına düşüb.
İllik hesablamada Gürcüstanın Azərbaycandan qaz idxalı həcmi qiymət ifadəsində 17,2 % azalıb (Miqdar ifadəsində idxal neft ekvivalenti ilə 48,7 min ton və ya 13,2% azalıb).
Müqayisə üçün:ötən ilin yanvar-fevralında Gürcüstan Azərbaycandan neft ekvivalenti ilə 368,56 min ton və 81,42 mln. dollar məbləğində qaz idxal edib.
Bu dövr ərzində Gürcüstanın Azərbaycandan ümumi idxal həcmində qazın xüsusi çəkisi 66,9% təşkil edib.
Göstərilən dövr ərzində Gürcüstan Azərbaycandan 100,7 mln. dollar məbləğində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% azdır.
Azərbaycan Gürcüstana öz qazını Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri ilə ixrac edir. Bu boru kəməri ilə qazın nəql gücü ildə 2,5 mlrd. kubmetri ötür.