“Daşkəsən” dəmir filizi yataqları üzrə qiymətləndirmə aparılır

“Daşkəsən” dəmir filizi yataqları üzrə qiymətləndirmə aparılır İlkin qiymətləndirmə sənədinin cari ilin avqust ayına qədər hazırlanması nəzərdə tutulur
Sənaye
6 Fevral , 2021 11:22
 “Daşkəsən” dəmir filizi yataqları üzrə qiymətləndirmə aparılır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti “Daşkəsən” dəmir filizi sahəsində səfərdə olub. Tanışlıq məqsədilə baş tutan səfərdə universitetin rektoru, professor Mustafa Babanlı, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.

Bu barədə “Report”a “AzerGold” QSC-dən bildirilib.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov “Daşkəsən” dəmir filizi sahəsi və sahədə hazırda icra edilən işlər haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, ölkə başçısının 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə “Daşkəsən” yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə tapşırılıb. Bu istiqamətdə hazırda beynəlxalq standartlara uyğun kompleks geoloji tədqiqatların aparılması təmin edilir. Bugünə qədər Cəmiyyət tərəfindən mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması və digər istiqamətlərdə müvafiq işlər görülüb. O.Məmmədovun sözlərinə görə, “Daşkəsən” dəmir filizi yataqları üzrə ötən il 7 830 metr buruq-qazma işləri icra edilib və hazırda da proses davam etdirilir. Yataq üzrə ilkin qiymətləndirmə sənədinin cari ilin avqust ayına qədər hazırlanması nəzərdə tutulur.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı “AzerGold” QSC-nin yeni mədənlərin işə salınması istiqamətindəki ardıcıl fəaliyyətini yüksək qiymətləndirib. Ölkənin dağ-mədən sektorunun inkişafı üçün məşğulluğun artırılması və ixtisaslı gənc kadrların daimi işlə təmin olunmasına böyük təsirinin olduğunu vurğulayan rektor ADNSU ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlığa dair memorandumun əhəmiyyətindən söz açıb. Bildirilib ki, memoranduma uyğun olaraq ali məktəbdə elmi-nəzəri biliklərə yiyələnmiş kadrların Cəmiyyətin istehsalat sahələrində müvafiq təcrübə qazanması, xüsusi fəallığı ilə seçilən məzunların işlə təmin olunması təqdirəlayiq haldır.

Qeyd edək ki, görüşdə, həmçinin əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-tədqiqat işlərinin icra edilməsi istiqamətində də müzakirələr aparılıb. Daha sonra qonaqlar sahədə yerləşən kern anbarı, laborotoriya, saflaşdırma zavodu, eləcə də “Şimal-qərb” mədəni ilə tanış olub, “AzerGold” QSC-nin geoloqları ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi