“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyəti (MMC) “Daşkəsən” dəmir filizi yatağının işlənməsi və istismarı üzrə proqram çərçivəsində fəaliyyətini uğurla davam etdirir.
"Report" xəbər verir ki, bu barədə "AzerGold" məlumat yayıb.
Bildirilib ki, sahədə üstaçma, dəmir filizinin çıxarılması, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, əhatə dairəsinin (iş həcminin) müəyyən edilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində görüş keçirilib. İctimai dinləmədə rayon rəhbərliyi ilə yanaşı, fiziki şəxslər, vətəndaş cəmiyyəti institutları və elmi təşkilatların təmsilçiləri iştirak ediblər.
İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə mütəxəssislər tərəfindən yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri və ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna uyğun şəkildə idarə olunması, eləcə də, su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənəddə öz əksini tapacaq.
Görüş iştirakçıları tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd edilib. Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Müzakirələrin gedişində səsləndirilən təkliflərə baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. MMC Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamına əsasən "Daşkəsən" dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir.