Prezident İlham Əliyevin ötən gün Cəbrayılda təməlini qoyduğu “KamAZ” servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq.
“Report” xəbər verir ki, bu barədə təməlqoyma mərasimində bildirilib.
Bundan başqa, qeyd olunub ki, Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçirilir. Azərbaycanda “KamAZ”ın ilk partiyası isə 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1 000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək.