Bu il Azərbaycanda avtomobil istehsalı 54 %-dən çox artıb
- 14 avqust, 2023
- 13:57
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 866 ədəd və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 656 ədəd və yaxud 54,2 % çox minik avtomobili istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu il avqustun 1-nə ölkədə 634 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu dövrdə ölkədə 387,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 17 % azalıb.
Hesabat dövründə Azərbaycanda 452 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə 49,2 % çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, Azərbaycanda 204 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,6 % çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.