Britaniyanın qızıl hasilatçısı satdığı qiymətli metalın həcmini açıqlayıb

Sənaye
  • 15 oktyabr, 2021
  • 12:03
Britaniyanın qızıl hasilatçısı satdığı qiymətli metalın həcmini açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci ilin üçüncü rübünün yekunları ilə bağlı satış həcmlərini açıqlayıb.

“Report”un şirkətin açıqladığı hesabata əsasən verdiyi məlumata görə, 2021-ci ilin iyul-avqust ayları ərzində şirkət tərəfindən satışı həyata keçirilən qızıl külçələrinin həcmi 6 828 unsiya təşkil edib. Bu, 2020-ci ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 229 unsiya və ya 3,5 % çoxdur.

Bu ilin üçüncü rübü ərzində bir unsiyanın satış qiyməti orta hesabla 1 815 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin üçüncü rübünün orta qiymət göstəricisi ilə müqayisədə 132 ABŞ dolları və ya 6,8 % azdır.

2021-ci ilin üçüncü rübündə şirkət tərəfindən satışı həyata keçirilən mis konsetratının həcmi 3 549 quru metrik ton təşkil edib. Bu, 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 1 465 quru metrik ton və ya 70,3 % çoxdur.

2021-ci ilin üçüncü rübündə müştəriyə şirkət tərəfindən mis konsentratının tədarükünün satış dəyəri 5,7 milyon ABŞ dolları (Azərbaycan hökumətinin istehsal payı xaricində) təşkil edib. Bu isə daha əvvəlki 2020-ci ilin göstəriciləri ilə müqayisədə 2,3 milyon ABŞ dolları və ya 67,6 % çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Bütün Xəbər Lenti