Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını azaldıb
- 12 oktyabr, 2024
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” (AAM) şirkəti bu ilin yanvar-sentyabr aylarında 8,31 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metallar hasil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır.
Bu barədə "Report" AAM-ə istinadən xəbər verir.
Hesabat dövründə qızıl hasilatının həcmi 7,66 min unsiya (2,5 dəfə az), gümüş 16,061 min unsiya (-3,1 dəfə), mis 111 ton (-19,1 dəfə) təşkil edib. "Gədəbək" yatağında dore ərintisindən 7,647 min unsiya qızıl (2,3 dəfə az), 5,023 min unsiya gümüş (-1,6 dəfə) əldə edilib. Mis konsentratının istehsalı isə 185 ton (-65,9 dəfə) təşkil edib.
AAM həmçinin qeyd edib ki, 2024-cü il üçün hasilat proqnozunu qızıl ekvivalenti ilə 15 min - 19,5 min unsiya həcmində saxlayır.
"Bu ilin yanvar-sentyabr aylarında dünya bazarlarında şirkət tərəfindən 9,22 min unsiya qızıl külçə (-31,2 %) unsiya başına orta hesabla 2,497 min ABŞ dollara satılıb. Halbuki 2023-cü ilin eyni dövründə şirkət qızıl külçələri 1,949 min ABŞ dollara satırdı", - məlumatda deyilir.
Şirkətin 30 sentyabr 2024-cü il tarixinə dore ərintisindən əldə edilmiş qızıl və mis konsentratı üzrə ümumi dəyəri 2,7 milyon ABŞ dolları olan satılmamış ehtiyatları var idi. Sentyabrın sonuna “Anglo Asian Mining plc”nin xalis borcu 14 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, şirkət 2023-cü ildə Azərbaycanda 31,821 min unsiya qızıl ekvivalenti hasil edib ki, bu da 2022-ci ilin göstəricisindən 44,8 % azdır. Qızıl hasilatı 49,5 % azalaraq 21,758 min unsiya, gümüş 3,4 dəfə azalaraq 53,226 min unsiya, mis 15 % azalaraq 2,138 min ton təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüquqlarına malikdir.