“Azərxalça” ASC tarixində ilk dəfə ipək xalçaların istehsalına başlayıb.
"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Milli Mətbuat Günü münasibəti ilə İsmayıllıdakı emalatxanasına təşkil etdiyi mediaturda məlumat verilib.
Məlumata görə, ipək xalçalar xarici turistlərin və yerli alıcıların istəyi nəzərə alınaraq, İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və Bakıda toxunur. Bunun üçün xammal "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azəripək" MMC-dən əldə olunur. İstehsal zamanı xüsusi üsullardan və təbii boyalardan istifadə olunur.
İpək xalçalar xammalın baha, sərf olunan əməyin daha uzunmüddətli və ağır olması ilə əlaqədar yun xalçalarla müqayisədə baha başa gəlir.
Media turda jurnalistlərlə yanaşı “Azərxalça”nın İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak edirlər. Tur zamanı İsmayıllıdakı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlar baş verən yeniliklər təqdim olunub.