"AzerGold" yaxın 15 il üçün hədəflərini açıqlayıb

"AzerGold" yaxın 15 il üçün hədəflərini açıqlayıb “AzerGold” QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə şirkətin fəaliyyətində yeni mərhələ başlayıb".
Sənaye
2 Fevral , 2021 10:57
AzerGold yaxın 15 il üçün hədəflərini açıqlayıb

“AzerGold” QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə şirkətin fəaliyyətində yeni mərhələ başlayıb".

“Report”un məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

"Şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı inkişafının sürətlənməsinə, yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”, - deyə o, qeyd edib.

Z.İbrahimov onu da bildirib ki, ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də əlvan metal filizi hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Cəmiyyətin 2025-ci il (ortamüddətli) və 2035-ci il (uzunmüddətli) üzrə korporativ strategiyasının təsdiq edilməsi olub. Belə ki, ölkədə əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Cəmiyyətin korporativ strategiya sənədi İqtisadiyyat Nazirliyinin 14 sentyabr 2020-ci il tarixli (F-132 nömrəli) Əmri ilə təsdiq edilib, Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəfləri bunlardır:

1. Cəmiyyətin 2035-ci ilə qədər illik dövriyyəsi 1 milyard ABŞ dolları dəyərində olan regional miqyasda irihəcmli dağ-mədən şirkətinə çevrilməsi;

2. Qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən biri kimi mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması;

3. Strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması;

4. Dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsində fəal iştirak;

5. Əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi.

O qeyd edib ki, sadalanan hədəflərin icrası nəticəsində Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi nəzərdə tutulub: “Strategiya çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə (Ümumi Daxili Məhsul) 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsinin (MİAD) 14%-ə atdırılması nəzərdə tutulur. Halbuki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9% olub. Əminik ki, artıq icrasına başlanılan strateji planlar ölkənin qeyri-neft sənayesinin dinamik inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, bununla da dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılmasına, nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək”.

Son xəbərlər

Orphus sistemi