“AzerGold”un ixrac gəlirləri 10 % azalıb
- 01 iyul, 2022
- 09:28
Bu ilin yanvar-may ayları ərzində “AzerGold” QSC 34,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 3,8 milyon ABŞ dolları və ya 10 % azdır.
2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.
Şirkətin sözçüsü Ariz Tarverdiyevin “Report”a verdiyi məlumata görə, cari ilin yanvar-may ayları ərzində əldə edilən hasilat və ixrac rəqəmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən qədər planlı azalması Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır: “Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43 % artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaq”.
“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.