“AzerGold” QSC fəaliyyətdə olduğu müddətdə 285 min unsiya qızıl, 560 min unsiya gümüş ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri" mövzusunda tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
“Həmin qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat vəsait cəlb olunub, bunun 72 milyon manatı vergi və sosial ödəmələr qismində dövlət büdcəsinə köçürülüb”, - deyə o, qeyd edib.
Bundan başqa, Z.İbrahimovun sözlərinə görə, bu dövr ərzində 222 min metrə yaxın buruq qazma işləri həyata keçirilib.
“Cəmiyyətin reallaşdırdığı müvafiq işlər nəticəsində istismarına hazırlıq görülən əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən qızıl ekvivalentində 179 min unsiyadan 4 milyon 443 min unsiyaya çatdırılıb, yəni 24 dəfə artırılıb. Fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan “AzerGold”un audit olunmuş maliyyə hesabatına əsasən, ötən ilki xalis mənfəəti 82 milyon manat təşkil edib. Qarşıya qoyulan illik hasilat və satış hədəflərinin təmin olunması 2021-ci ildə də müsbət tendensiyanın qorunub saxlanılmasına əsaslar yaradır”, - o əlavə edib.