“AzerGold”: "Daxili bazarda qiymətli metalların satışından əldə edilən gəlir 7 dəfə artıb"

“AzerGold”: "Daxili bazarda qiymətli metalların satışından əldə edilən gəlir 7 dəfə artıb" “AzerGold” QSC daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışınından 11,6 milyon manat vəsait cəlb edilib ki, bu da keçən il ilə müqayisədə 7 dəfə çoxdur.
Sənaye
22 Dekabr , 2021 17:28
“AzerGold”: Daxili bazarda qiymətli metalların satışından əldə edilən gəlir 7 dəfə artıb

“AzerGold” QSC daxili bazarda qiymətli metalların həm xammal, həm də istehsal edilmiş məhsullar (külçə və sikkələr) formasında satışınından 11,6 milyon manat vəsait cəlb edilib ki, bu da keçən il ilə müqayisədə 7 dəfə çoxdur.

“Report”un məlumatına görə, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

“Operativ məlumata əsasən, deyə bilərəm ki, bugünə qədər daxili bazarda ümumilikdə 3 660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışını həyata keçirmişik", - Z. İbrahimov.

O qeyd edib ki, daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib: “Nəticədə dövriyəyə 3,7 milyon manat məbləğində vəsait cəlb edilib ki, bu da ümumi daxili satışın 30 %-i deməkdir. Daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2 694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib (ümumi daxili satışın 70 %-i).

“AzerGold”un rəsmisi bildirib ki, məhsulların satışında kəskin artım xüsusilə Satış mərkəzinin fəaliyyətə başladıqdan sonra qeydə alınıb: “Bilirsiniz ki, sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Sentyabr ayından bugünədək ümumilikdə 2 109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6,9 milyon manatdan çox vəsait cəlb edilib (öz məhsullarımızın illik satışının 87 %-i). Tələbatın artması ilə məhsul çeşidlərimizin və nəticə etibarı ilə daxili bazara yönəltdiyimiz qiymətli metalların həcminin də artırılmasını labüd edib. Məhz bu səbəblə hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da, ötən illə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub”.

O vurğulayıb ki, bu ilin əvvəlində vergi və gömrük qanunvericiliyinə edilən dəyişikliklər daxili bazarda qızıl və gümüş məhsullarına tələbatı kəskin artırıb: "İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb".

Onun sözlərinə görə, “AzerGold” yerli zərgərlik sənayesinin inkişaf etdirilməsi, milli istehsalın stimullaşdırılması və həyata keçirilən islahatlara dəstək məqsədilə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi