“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib

“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Aze
Sənaye
18 Oktyabr , 2024 15:20
“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib

“Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, rəhbər komitənin yeni sədri, “AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold”a ötürülməsindən sonra görülən işlər müzakirə olunub. Xarici şirkətin mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) 2024-cü ilin birinci yarımili ərzində fəaliyyətinin nəticələri, o cümlədən Ağdərə rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin təşkili istiqamətində görülən işlər təhlil edilib.

Bildirilib ki, xarici şirkətin cari ilin birinci yarımilində hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub. Belə ki, 2024-cü ilin ilk 6 ayı ərzində hasilat həcmləri 4 704 unsiya qızıl, 100 ton mis, 12 745 unsiya gümüş təşkil edib. Bu da cari ilin 6 aylıq hasilat planı ilə müqayisədə qızıl üzrə 38 %, mis üzrə 89 %, gümüş üzrə 64 % azdır. Eləcə də ümumi layihə üzrə gəlirlər planla müqayisədə 54% geriləyib. Buna səbəb Saziş çərçivəsində istehsal fəaliyyətinin ötən ilin iyul ayından etibarən Gədəbəy rayonunun Söyüdlü kəndində nəm tullantı anbarı sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dayandırılması nəticəsində yaranan fasilələr göstərilib.

Qeyd olunub ki, 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunla sazişin həyata keçirilməsi ilə bağlı dövləti təmsil etmək səlahiyyəti “AzerGold”a verildikdən sonra xarici şirkətlə birgə həyata keçirilən operativ dəstək tədbirləri, tikinti-quraşdırma işləri, həmçinin bəzi digər istiqamətlər üzrə fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması nəticəsində növbəti aydan istehsalat mərhələli şəkildə bərpa ediləcək. Nəticədə tərəfdaş şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilə qədər olan səviyyəyə çatması təmin ediləcək. “AzerGold” tərəfdaş şirkətin fəaliyyət istiqamətləri üzrə artım tempinin əldə edilməsinə bundan sonra da dəstək göstərəcək.

İclasda, növbəti il üzrə hasilat və ixrac planının hazırlanması istiqamətində tapşırıqlar verilib, həmçinin Rəhbər komitənin İqtisadi, İstehsalat və texniki, eləcə də Ekoloji məsələlər üzrə altqruplarının yeni tərkibləri müəyyənləşdirilib. İclas qarşılıqlı maraq doğuran və icrasına dəstək tələb olunan məsələlərin, habelə “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin Saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi iclasın yekun protokoluna daxil edilib.

Hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold”, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.

Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Bu il iyunun 1-də qəbul edilmiş 1176-VIQ nömrəli qanunla sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold”a verilib.

Son xəbərlər

Orphus sistemi