"AzerGold" 4 mln manatlıq konveyer alır
- 24 noyabr, 2021
- 11:20
"AzerGold" QSC Daşkəsən rayonu, "Çovdar" Filiz Emalı Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisi üçün lentli konveyerlərin alınması və quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "CM Tech" MMC-dir.
Qalib şirkətə 3 milyon 916,4 min manat ödəniləcək.
Xatırladaq ki, “Çovdar” Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan (“Ağyoxuş 2” “Ağyoxuş 3”, "Mərəh”, “Tülallar” və “Narçala” qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsi yaradılır. Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.
Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır.
"AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.