Azərbaycandan üç ölkəyə alüminium ixracı bərpa edilib
- 02 fevral, 2023
- 05:47
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 114 milyon ABŞ dolları dəyərində 40 min 508 ton alüminium ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 65,1 %, kəmiyyət olaraq – 44,3 % çoxdur.
Hesabat dövründə Türkiyəyə 66,227 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 25 min ton (+72 %), İsveçə 16,205 milyon ABŞ dolları dəyərində (+4,8 dəfə) 4 min 187 ton (+4 dəfə), Yaponiyaya 11,438 milyon ABŞ dolları dəyərində (-20 %) 4 min 794 ton (-30 %), Özbəkistana 9,823 milyon ABŞ dolları dəyərində (+91 %) 3 min 388 ton (+86 %), Böyük Britaniyaya 7,376 milyon ABŞ dolları dəyərində 2 min 276 ton məhsul satılıb.
Üç il 10 ayın tamamında Böyük Britaniyaya, 2 il 2 aylıq fasilənin ardından Gürcüstana və 1 il 6 aylıq aradan sonra İrana tədarük bərpa edilib. Azərbaycandan Gürcüstana 154,27 min ABŞ dolları dəyərində 48,21 ton, İrana 146,13 min ABŞ dolları dəyərində 47,14 ton alüminium göndərilib.