Azərbaycandakı qızıl istehsalçısı satış üzrə gəlirlərini açıqlayıb
- 15 yanvar, 2024
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti 2023-cü ilin dördüncü rübündə 2 416 unsiya həcmində qızıl külçələrinin satışını həyata keçirib.
Bu barədə “Report” şirkətin 2023-cü il üzrə fəaliyyəti ilə bağlı açıqladığı hesabata əsasən bildirib.
Bu, 2022-ci ilin dördüncü rübünün göstəricisi ilə müqayisədə 11 229 unsiya və ya 5,6 dəfə azdır.
Belə ki, bu müddət ərzində qızılın bir unsiyasının orta qiyməti 2 004 ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin dördüncü rübünün orta qiyməti ilə müqayisədə 277 ABŞ dolları və ya 16,04 % çoxdur.
Ötən ilin son rübündə mis konsentratının satışı isə 2 186 ton həcmində olub. Bu, 2022-ci ilin dördüncü rübünün göstəricisi ilə müqayisədə 2 420 ton və ya 2,1 dəfə azdır. Mis konsentratının satışından 2,3 milyon ABŞ dolları əldə edilib ki, bu da 2022-ci ilin dördüncü rübünün orta qiyməti ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,3 dəfə azdır.
Beləliklə, “Anglo Asian Mining plc” şirkəti 2023-cü ildə 15 822 unsiya (19 096 unsiya və ya 2,2 dəfə azalıb) həcmində qızıl külçələrinin satışını həyata keçirib. Bu müddət ərzində qızılın bir unsiyasının orta qiyməti 1 951 ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin orta qiyməti ilə müqayisədə 168 ABŞ dolları və ya 9,4 % çoxdur.
Bu ilin əvvəlinə şirkətin bazar dəyəri üzrə ehtiyatları qızıl və gümüş sikkələrində 6,9 milyon ABŞ dolları, mis konsentratında isə 0,2 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.