Azərbaycanda qızıl və mis hasilatçısı bu il üçün proqnozunu dəyişməz saxlayıb
- 24 sentyabr, 2021
- 06:20
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün hasilat proqnozunu dəyişməz saxlayıb.
Bu barədə “Report” şirkətin yaydığı hesabata istinadən məlumat verir.
Hesabata əsasən, 2021-ci il üçün şirkət 64-72 min unsiya qızıl ekvivalenti həcmləri arasında məhsul istehsalı hədəfini müəyyən edib. Bura 54 000 unsiyaya qədər qızıl və 2 500-2 800 ton arasında mis hasilatı həcmləri daxildir.
Şirkət hesab edir ki, davam etdirilən kəşfiyyat proqramının və digər təşəbbüslərin yaxın illərdə hasilatın artmasına səbəb olacaq.
Bildirilir ki, 2021-ci il üçün bu proqnoza bərpa edilmiş müqavilə sahələrindən hasilat daxil deyil. Hazırda “Vejnəli” yatağında az miqdarda da olsa filiz hasilatının həyata keçirilməsi üçün potensial mövcuddur.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.