Azərbaycanda qızıl hasilatçısı şirkəti hökumətlə yeni müqavilə imzalayıb

Sənaye
  • 29 sentyabr, 2021
  • 08:09
Azərbaycanda qızıl hasilatçısı şirkəti hökumətlə yeni müqavilə imzalayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti Azərbaycan hökuməti ilə üç yeni yataqların işlənilməsi ilə bağlı müqavilə imzalayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən məlumat verib.

Xatırladaq ki, “Anglo Asian Mining Plc” artıq mövcud qiymətlərlə 3 milyard ABŞ dollarından çox dəyəri olan 300 min tondan çox mis olan bir sahəyə sahibdir.

Yeni imzalanmış müqavilənin yeni sahələrindən birində isə mis-molibden yatağı var. 2016-cı ilin yanvarında təsdiqlənməmiş bir hesabata görə, yataqda təxminən 275 min ton mis və 3 200 ton molibden var idi.

“Anglo Asian Mining Plc” şirkətinin baş direktoru Reza Vəziri bildirib ki, Ermənistanla hərbi əməliyyatların dayandırılması şirkətə 1998-ci ildə verilən qalan müqavilə sahələrini inkişaf etdirmək və orta səviyyəli qızıl və mis istehsalçısı olmaq üçün böyümə strategiyasını əhəmiyyətli dərəcədə sürətləndirmək imkanı verib.

O bildirib ki, aparılan geniş danışıqlardan sonra, “Gədəbəy” müqavilə sahəsinin şimalına bitişik əlavə iki yüksək strateji mədən sahələri əldə edilib:

“Yeni “Dəmirli” mədənçıxarma sahəsi ilə birlikdə şirkət hazırda yüksək kəşfiyyat potensialı ilə resurslarının və ehtiyat bazasının əhəmiyyətli dərəcədə artırılması hesabına uzunmüddətli dayanıqlı inkişafın təmin olunması üçün çox sərfəli mövqedədir”.

Yeni müqavilə Azərbaycan parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni imzalanmış müqaviləyə əsasən, “Anglo Asian Mining Plc” şirkəti işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisində yerləşən “Söyüdlü” yatağının işlənilməsindən imtina edib. Buna səbəb olaraq şirkət bu yatağın işlənilməsi üçün böyük kapital yatırımlarının tələb olunmasını qeyd edir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Bütün Xəbər Lenti