Bu ilin avqust ayında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 0,5 milyon dollar və yaxud 8,9% azdır.
2020-ci ilin yanvar-avqust aylarında isə Azərbaycandan xarici ölkələrə 51,8 milyon dollar dəyərində ilkin formalı polietilen ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon dollar və yaxud 9,3% çoxdur.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.