Bakı. 2 İyul. REPORT.AZ/ Bu gün Rusiyanın Krasnodar şəhərində II Beynəlxalq Qara dəniz şərabçılıq forumu öz işinə başlayır. Forumda Azərbaycan da daxil olmaqla 12 ölkənin şərabçılıq sahəsini təmsil edən 250-dən çox nümayəndə iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən RİA "Novosti" məlumat yayıb.
"Əgər birinci forum təqribən 150 iştirakçını maraqlandırmışdısa, Kubanın paytaxtında keçiriləcək növbəti tədbir 12 ölkənin (Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna) şərabçılıq sahəsində çalışan 250-dən çox nümayəndəsinin diqqətini cəlb edib", — deyə məlumatda bildirilib.
Qeyd olunub ki, forumun məqsədi şərabçılıq sahəsində dövlətlərarası iqtisadi münasibətlərin inkişafı və Qara dəniz istehsalçılarının maraqlarının Avrasiya İqtisadi İttifaqı bazarında təbliğindən ibarətdir.