"Azəralüminium" 2022-ci il üçün planlarını açıqlayıb

Sənaye
  • 17 dekabr, 2021
  • 13:24
Azəralüminium 2022-ci il üçün planlarını açıqlayıb

““Azəralüminium” MMC 2022-ci ildə də əvvəlki illərdə olduğu kimi qarşısında daha dərin emal olunan məhsulların payını artırmaqla, yüksək əlavə dəyərə malik, yüksək keyfiyyətli alüminium məhsullarının istehsalını davam etdirmək və ixrac etmək məqsədi qoyur”.

Bu barədə “Report”a açıqlamasında şirkətin direktoru Maksim Cavadov məlumat verib.

M.Cavadov dövlət şirkətinin növbəti illərdə də izləyəcəyi strateji inkişaf proqramı barədə danışıb:

““Azəralüminium”un strateji inkişaf proqramı, əsas xammalların idxalını əvəz etməyə yönəlib ki, bu da müəssisənin lazımi xammalla təminatının etibarlılığını artıracaq, xammalın dünya qiymətlərindəki dəyişkənliyin müəssisəyə təsirini azaldacaq və eyni zamanda, tələbatı yüksək olan hazır alüminium məhsulları istehsal edərək bazarda rəqabətqabiliyyətli üstünlüklər əldə etməyə imkan yaradacaq. Proqramın icrası həm də iş yerlərinin sayının artmasına mühüm töhfə verməyə imkan verəcək".

Onun sözlərinə görə, 2021-ci ildə ilkin alüminiumun istehsal gücünü ildə əlavə 50 min ton artırılması (gələcək illərdə 100 min tona çatdırmaq), İsti Yayma xəttin quraşdırılması və Təkrar Emal Zavodunun yaradılması layihələrinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatıb.

"Bundan əlavə, Daşkəsən rayonunda yerləşən “Zəylik” alunit yatağında resurs ehtiyatlarının təsdiqedici kəşfiyyatı aparılıb. Gəncə Gil-Torpaq Zavodunun inventarlaşdırması başa çatıb və hal-hazırda zavodun yenidən işə salınması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.

Azərbaycanda istehsal olunan neft koksu əsasında əlvan metallurgiya üçün anod bloklarının istehsalının texniki-iqtisadi əsaslandırılması və layihəsinin hazırlanması üzrə işlər başlayıb və davam etməkdədir", - M.Cavadov bildirib.

Onun sözlərinə görə, “Azəralüminium” MMC 2022-ci ildə layihələrin icrası üzrə işlərin növbəti mərhələlərinə keçməyi planlaşdırılır: "Strateji proqramların digər istiqamətləri üzrə də potensial tərəfdaşlarla danışıqlar aparılır”.

“Azəralüminium” MMC-nin imzaladığı müqavilələrə əsasən, 2022-ci ildə ABŞ, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, İtaliya, Belarus, Ukrayna, Sloveniya kimi ölkələrə məhsul ixracı nəzərdə tutulub. Şirkətin proqnozlarına görə 2022-ci ildə ümumi planlaşdırılan ixrac həcmi 49 min tona yaxın olacaq, deyə M.Cavadov bildirib.

Qeyd edək ki, “Azəralüminium” MMC Azərbaycanda əlvan metallurgiya sahəsinin aparıcı şirkətidir. Şirkət alüminium külçələri, fasiləsiz tökmə rulonlar, soyuq yayma rulonları, lövhələr və zolaqlar kimi ilkin alüminium və alüminium yarımfabrikatları istehsalı ilə məşqul olur. Şirkətin istehsal etdiyi məhsulların 95 %-dən çoxu dünya bazarına ixrac edilir. Bu məhsullar tikinti, avtomobil istehsalı, elektrik enerjisi kimi müxtəlif sənaye sahələrində istifadə olunur.

“Azəralüminium” MMC-nin istehsalının layihə gücü ildə təxminən 50 min ton ilkin alüminium təşkil edir. 2021-ci ilin sonuna qədər şirkət 14 min ton külçə, 16 min ton fasiləsiz tökmə rulonları və 18 min ton soyuq yayma məhsulu istehsal edəcək. Qalan həcm dövriyə istehsal materialını təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti