“Azərbaycandakı qum-çınqıl istehsalı ilə bağlı bir sıra karxanalar fəaliyyətini dayandırıb”.
“Report” xəbər verir ki, bunu Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov bildirib.
Onun sözlərinə görə, fasilə yataqlardan düzgün istifadə edilməməsi ilə bağlıdır: "Elə yataqlar var ki, onların istismarı ciddi problemlərə gətirib çıxara bilər, odur ki, onlar istismar edilmir. Məsələn, Quba rayonunda bəzi yataqlar var ki, sahibkarlar uzun müddətdir ki, bu yataqları əldə edib, ancaq heç bir fəaliyyət göstərmirlər. Ancaq bəziləri maddi-texniki baza formalaşdırıb istehsal qurublar. Bu sahə gəlirli sahələrdən biridir. Karxanalar vergi ödəyicisi kimi dövlətə töhfə verir”, - o deyib.
"Karxanaların bağlı olması qiymət artımına səbəb olub. İlin əvvəlindən bu istiqamətdə müəyyən işlər görməyə çalışmışıq. Prosesin uzanmağı daha böyük qiymət artımına səbəb olacaq. Hazırda hərrac vasitəsilə təklif edilən ərazilər ənənəvi karxanaların yerləşdiyi ərazilərdən - Quba, Xaçmaz və İmişli rayonlarından uzaqdadır. Bu da qiymət artımının qarşısını almağa imkan vermir".