"Anglo-Asian Mining” Azərbaycanda gümüş və mis istehsalını artırıb

Sənaye
  • 24 sentyabr, 2021
  • 06:01
Anglo-Asian Mining” Azərbaycanda gümüş və mis istehsalını artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin birinci yarısında 32 171 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.

“Report”un şirkətin açıqladığı hesabata əsasən, bu, 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 1,01 % azdır. 2020-ci ilin birinci yarısında bu həcmlər 32 501 unsiya qızıl ekvivalenti olub.

Bu ilin birinci yarısında şirkət tərəfindən 24 249 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 13,15 % azdır.

Bu dövr ərzində Britaniya şirkəti 1 333 ton mis istehsal edib. Bu, 2020-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 10,43 % çoxdur.

Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 78 981 unsiya təşkil edib. Bu isə 2020-ci ilin birinci yarısı ilə müqayisədə 34,94 % çoxdur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Bütün Xəbər Lenti