Vüqar Qurbanov: “TƏBİB-in qarşıya qoyduğu hədəflər arasında ana və uşaq sağlamlığı önəmli yer tutur”
- 04 iyul, 2023
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
“Həssas uşaq qrupları ilə iş istər pandemiya, istərsə də sonrakı dövrlərdə daim diqqət mərkəzində olub. TƏBİB hər zaman həssas qrupların, xüsusilə də uşaqların üzləşdiyi sağlamlıq problemlərinin həlli istiqamətində fəal iş aparır”.
“Report” xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Həssas Uşaqlara Tibbi Dəstək Proqramı” layihəsinin təhvil-təslim mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə Koreyanın Azərbaycandakı səfirliyi ilə bir sıra avadanlıqların ianə edilməsi barədə danışıqlar aparılıb: “Danışıqlar müsbət nəticələndi və bu gün bir sıra tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzinin və Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının istifadəsinə verilir”.
V.Qurbanov əlavə edib ki, TƏBİB-in bu il qarşıya qoyduğu hədəflər arasında ana və uşaq sağlamlığı ilə bağlı tədbirlərin gücləndirilməsi, bununla bağlı neqativ halların azaldılması, vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsinin, xidmətlərə əlçatanlığın yüksəldilməsi, tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə insanlara müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək öz əksini tapır.
O vurğulayıb ki, bu müasir tibbi avadanlıqlar ehtiyacı olan uşaqlara yüksək keyfiyyətli tibbi xidmət göstərmək imkanlarını artıracaq.