“Hər bir insanın seçimi olmalıdır. Bütün səhiyyə sistemi yalnız xəstənin razılığı ilə bu və ya digər prosedurları həyata keçirə bilər”.
Bu fikirləri “Report”un Rusiya bürosuna virusoloq, genetik, Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov COVID-19-a qarşı peyvəndləmə prosesini şərh edərkən deyib.
“Peyvənd vurulması ilə bağlı qərar qəbuletmə müstəqilliyi baxımından COVID-19-a qarşı məcburi peyvəndləmənin tətbiq olunmasına qarşı çıxan ÜST ilə eyni mövqeyi bölüşürəm. Ancaq başa düşürəm ki, effektivlik üçün bunun kütləvi olması lazımdır. Müəyyən insanlara peyvənd vurulursa və əksəriyyət bunu etmirsə, bu, mənasızdır. Bütün tibbi sistemlər bu və ya digər regionun əhalisini qorumaq üçün müəyyən miqdarda aşılamaya nail olmaq lazım olduğunu başa düşür. Bir virusoloq kimi, aşılamanın zəruri olduğunu başa düşürəm. Lakin mən artıq koronavirusdan sağalan insanlara peyvənd vurulmasının əleyhinəyəm. Bu məntiqsizdir. Xüsusən də vaksinin sayı məhduddursa. Çünki ən qısa müddətdə maksimum sayda insanın aşılanması lazımdır”, - P.Volçkov söyləyib.
Yaşın peyvəndin orqanizm tərəfindən qəbul edilməsinə necə təsir etdiyini şərh edən virusoloq qeyd edib ki, yaşlılar üçün ilkin tibbi müayinənin və xəstəlik tarixçəsinin öyrənilməsi son dərəcə vacibdir. “Burada insanın peyvəndi qəbul etməyə nə dərəcədə hazır olduğunu başa düşmək lazımdır. Yaşlı insanların, təəssüf ki, xroniki xəstəlikləri olur. Orqanizmləri adətən zəif olur, özünütəcrid isə bunu daha da artırıb. Bu səbəbdən yaşlıların peyvənd olunması ehtiyatla həyata keçirilməlidir. Uşaqlarla bağlı da eyni vəziyyətdir. Bu qrup insanları peyvənd etmək üçün çox sayda sınaq və müşahidə olmalıdır”.
P.Volçkov bildirib ki, ilk növbədə 18-60 yaş arası olan və koronavirusa yoluxmamış insanların aşılanması vacibdir. “Bu qrup insanlara mütləq peyvənd vurulmalıdır”.