Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında COVID-19 pandemiyasına qarşı ardıcıl mübarizə aparmaq üçün hazırlanan “ACT Accelerator” beynəlxalq əməkdaşlıq aləti külli miqdarda maliyyə boşluğu ilə üzləşib.
“Report” xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
O, “ACT Accelerator”un birinci ildönümü ərəfəsində keçirilən brifinqdə deyib:
“İçərisində COVAX da olduğu “Access to COVID-19 Tools Accelerator” dərmanların, müayinə və müalicənin bərabər bölüşdürülməsi üçün bir ilə yaxındır tətbiq olunub. Yeni virus variantlarının ortaya çıxması, dərmanların məhdud tədarükü, yeni diaqnostika cihazlarının və oksigenin gec çatdırılması, bu həyati vasitələrin bölüşdürülməsində maliyyə çatışmazlığı pandemiyaya qlobal nəzarət yolunda başlıca təhlükə mənbələridir. Bu gün ÜST “ACT Accelerator” üçün 2021-ci ildə yeni strategiya və büdcə açıqladı. İndiyədək “ACT Accelerator” üçün 11 milyard ABŞ dolları ayrıldığı təsdiqlənib, amma biz 22,1 milyard dollarlıq büdcə kəsirilə üz-üzəyik. Səbəbini anlamağımız o qədər çətin olan bu kəsir hər nə qədər doldurulmamış qalsa da, İMF-in dəyərlındirməsinə görə yüksək gəlir səviyyəli ölkələrin maliyyə təşviqinə sərf etdiyi 13 trilyon dolların cüzi hissəsini təşkil edir. Biz ölkələri qlobal dirçəlişin ən təkmil sərmayəsi olaraq “ACT Accelerator”a dolğun maliyyə ayırmağa çağırırıq”.
Qeyd edək ki, COVID-19 testlərini, müalicəsini, dərmanlarını ərsəyə gətirərək istehsal etmək, bərabər çatdırmaq hədəfinə yönəlmiş dünya boyu əməkdaşlıq layihəsi olan “ACT Accelerator” (Access to COVID-19 Tools Accelerator) 2020-ci ilin mart ayında G20 ölkələri liderlərinin çağırışına cavab olaraq aprel ayında Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Komissiyası, Fransa hökuməti, Bill və Melinda Qeyts Fondu tərəfindən təsis edilib.