Qarabağ və Şərqi Zəngəzur gələcəkdə ölkənin əsas turizm zonasına çevriləcək.
“Report” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində keçirilən “Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, azad olunan ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir: "Sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Hazırda azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. İşğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir. Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs bu ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. İnanıram ki, bu bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək”.