ÜST Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq

ÜST Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə Simulyasiya və Təlim Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.
Sağlamlıq
12 Oktyabr , 2022 10:01
ÜST Azərbaycanda Simulyasiya və Təlim Mərkəzi yaradacaq

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə Simulyasiya və Təlim Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.

"Report" xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və ÜST-nin Azərbaycandakı nümayəndəsi, Ölkə Ofisinin rəhbəri Hande Harmancı arasında keçirilən görüşdə müzakirə aparılıb.

Görüşdə ÜST-nin eksperti İbrahim Durak, Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli iştirak ediblər.

Vüqar Qurbanov ötən müddət ərzində TƏBİB və ÜST-nin Bakı ofisi arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, birgə bir sıra mühüm layihələr həyata keçirildiyini bildirib.

İcraçı direktor Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vətəndaş məmnunluğunun artırılması, tibbi maarifləndirmə istiqamətində əməkdaşlığın ölkə səhiyyəsinin inkişaf etdirilməsində müstəsna rola malik olduğunu qeyd edib.

O, ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyindən danışıb.

Hande Harmancı isə öz növbəsində tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsi üçün TƏBİB-in dəstəyi ilə Simulyasiya və Təlim Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. O, Mərkəzin yaradılmasında əsas məqsədin tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə bərabər yerli təlimçilərin də yetişdirilməsindən ibarət olduğunu bildirib.

Daha sonra gələcəkdə birgə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi