"Təhsil müəssisələrinə tibbi personalın təhkim olunması məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.
O qeyd edib ki, təhsilalanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsi məsələsi də müzakirə olunur.
TƏBİB rəsmisi əlavə edib ki, məktəblərdə şagirdlərin fiziki və psixoloji sağlamlığı diqqət mərkəzindədir: "Bu yaxınlarda Təhsil Nazirliyi və TƏBİB arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib. Görüşdə orta və ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, yeni, müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub".