“COVID-19-a yoluxma hallarında stabillik qalsa da, pandemiya hələ davam edir”.
Bu sözləri “Report”a açıqlamasında TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
TƏBİB rəsmisi bildirib ki, son iki-üç həftədə Azərbaycanda koronavirusa yoluxma hallarında stabillik yenə də qalır:
“Yeni ştamlar meydana çıxır və hər zaman da deyirik ki, viruslar mutasiyalara uğrayır. Bəllidir ki, mutasiyalar da viruslara xas olan xüsusiyyətdir. Odur ki, yeni ştamların ortaya çıxması hər zaman olacaq. Mutasiyaların insanların səhhətinə, xəstəliyin klinik gedişatına necə təsir göstərəcəyini isə öncədən proqnozlaşdırmaq mümkün deyil”.
Karantin rejiminin müddətinin uzadılmasının payız-qış mövsümündən asılı olduğuna diqqət çəkən Y.Qarayeva bildirib ki, bu müddətdə bütün respirator virus xəstəliklərinin sayında artım müşahidə olunur:
“Həmçinin başqa virus infeksiyalarının sayının artması da qeydə alınır. Ölkədə havalar hələlik ciddi şəkildə soyumayıb və bu səbəbdən respirator virus xəstəliklərinin mövsümü də başlamayıb”.
Onun sözlərinə görə, son günlərdə yoluxma saylarının azalması infeksiyanın tamamilə ləğv olunması demək deyil:
“Həmişə vurğulayırıq ki, yaşlılarda, xroniki xəstəlikləri olanlarda koronavirus infeksiyası daha ağır gedişatlı keçə bilər. Bu səbəbdən həmin kateqoriyaya aid şəxslərin vaksin olunması arzuolunandır. Bununla yanaşı, koronavirusla bağlı qoruyucu tədbirlərə də əməl edilməsi mütləqdir” - Departament rəhbəri əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin dünənki qərarı ilə ölkədə karantim rejiminin vaxtı yanvar ayının 1-nə qədər uzadılıb.
Xatırladaq ki, bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 823 100 nəfər təşkil edir.