Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Abdul Etibaroğlu və Nərmin Axundova südün orqanizmə təsiri barədə məqalə hazırlayıblar.
"Report" məqalənin mətnini təqdim edir:
"Süd yeni doğulmuş canlıların əksəriyyətinin ilk qida mənbəyidir. Digər canlılar kimi insanlar da ilk olaraq ana südü ilə qidalanmağa başlayırlar. Ana südü tərkib baxımından unikal və tam əvəzedilməz qida maddəsi hesab edilir. İnsan orqanizmi formalaşdıqca ana südünə olan tələbat azalır və digər qida məhsulları ilə tanışlıq başlayır. Lakin həyatımızın sonrakı mərhələsində (yetkin, orta yaşlı, hətta yaşlı) alternativ mənbələrdən süd məhsullarını qəbul etməyə davam edirik. Bu zaman əsasən inək südünə müraciət edilir.
İnək südü yağ, protein, D vitamini, kalsium, B12 vitamini, kalium, fosfor kimi elementlərlə zəngindir. Qeyd edək ki, südün tərkibində olan B12 və D vitamininə əksər qidalarda rast gəlinmir. İnəyin qidalandığı otlardan toplanan linoleik və Omega-3 turşuları onun südünə ifraz edir ki, belə məhsulun da istehlakı diabet və ürək-damar problemi olan insanlar üçün faydalı sayılır. Həmçinin sağlamlıq üçün vacib sayılan 9 aminturşunu ehtiva etdiyinə görə süd protein mənbəyi hesab olunur. Xüsusən də südün tərkibində rast gəlinən kazein və vey proteinləri əksər idmançılar tərəfindən istifadə edilir. Bu proteinlər əzələ kütləsini artırır və idman zamanı enerji ilə təmin edir.
Süd kalsium, fosfor, kalium və vitamin K2 ilə zəngindir ki, bu elementlər də sümüklər üçün çox faydalı hesab edilir. Orqanizmin kalsium ehtiyatının 99 %-i sümüklərdə cəmləşir. Mütəmadi süd istehlakı sümük kövrəkliyinin və qırılmasının qarşısının alınmasında olduqca faydalıdır. Xüsusilə də qadınlarda proteinlərlə qidalanmaq sümüyün möhkəmlənməsində mühüm rol oynayır.
Südün həzm prosesi mədədə başlayır. Mədədə pepsin adlanan enzim kazein və vey proteinlərini, lingual lipaza isə südün tərkibindəki yağları parçalayıb nazik bağırsağa ötürür. Burada isə proteaza və lipazalar tərəfindən daha kiçik hissələrə parçalanır. Qeyd edək ki, öd kisəsində toplanan öd turşusu da yağların həzmini asanlaşdırmaq üçün nazik bağırsağın bir hissəsi olan onikibarmaq bağırsağa ötürülür. Nazik bağırsaqda laktaza adlanan enzim laktozanı monosaxaridə (qlükoza və qalaktozaya) parçalayır. Növbəti mərhələdə monosaxaridlər, peptidlər, aminturşuları və kalsium ionları kimi kiçik ölçülü metobolitlər qaraciyərə sovrulur və qan vasitəsilə bədənin müxtəlif hissələrinə ötürülür. Həzm edilməyən laktoza isə yoğun bağırsağa sovrulur.
Qeyd edək ki, laktoza süd və süd məhsullarının əsas tərkib hissəsidir. Laktoza həssaslığı isə süd istehlakı zamanı diareya, qarın ağrısı və qazın toplanması ilə müşahidə edilən sindromdur. Bu, laktoza parçalayan xüsusi bir ferment olan laktaza enziminin çatışmazlığı səbəbindən yaranır. Laktaza enziminin miqdarı uşaqlarda maksimum səviyyədə olur, böyüdükcə isə nisbətən azalır. Bu səbəbdən də südün həzmediciliyi uşaqlarda daha yaxşı gedir. Qeyd edək ki, Avropa, Qərbi Asiya və bəzi Şərqi Afrika ölkələrinin yerli sakinlərində laktoz dözümlülüyü vardır, yəni onlarda yaş artdıqca laktoza həssaslığı problemi meydana çıxmır.
Laktoza həssaslığı özünü bir neçə formada göstərə bilər:
- Hipolaktasiya - yaşlandıqca laktaza enziminin aktivliyinin azalmasıdır. Bu, körpələr ana südündən normal qidaya keçdikləri dövrdə də müşahidə edilə bilər.
- İkincili hipolaktasiya – zamanı laktoza dözümlülüyü olan uşaqlar, yeniyetmələr və gənclər bakteriya və ya inək südündəki proteinlərin səbəb olduğu iltihab problemi ilə qarşılaşa bilərlər. Qeyd edək ki, bu növ hipolaktasiya problemi rahatlıqla aradan qaldırıla bilər. Bunun üçün problemi yaradan səbəblər araşdırılmalı və laktoza miqdarı az olan qidalar qəbul edilməlidir.
Yaşın artması, etnik kimlik (genetik faktor), erkən doğulan uşaqların həzm sistemi, nazik bağırsaqda baş verən xəstəliklər, həzm sistemi orqanlarında olan xərçəng xəstəliyinin müalicəsi zamanı yan təsirlər və digər amillər də laktoza həssaslığına təsir edə bilir.
Laktoza həssaslığı bəzən süd allergiyası ilə qarışdırılır. Südə qarşı olan allergiya immun sistemin südün tərkibindəki bir və ya bir neçə proteinə qarşı göstərdiyi müqavimətdir. Bu növ allergiyaların simptomları laktoza həssaslığı ilə eyni olsa da, qaşınma, yuxarı tənəffüs yollarında problemlər də yaşana bilər. Bu növ allergiyalara yalnız 2-3 % uşaqlarda rast gəlinir.