“Son zamanlar uşaqlar arasında bəzi dəri xəstəlikləri artıb”.
“Report” xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Huriyyə Qarayeva deyib.
“Bunlardan, əsasən psoriaz, vitiligo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini göstərmək olar. Yoluxucu xəstəliklər olan qoturluq, göbələk daha çox yaz-yay aylarında müşahidə olunur. Göbələk xəstəlikləri, əsasən it-pişik kimi heyvanlardan, bölgələrdə isə daha çox mal-qaradan yoluxa bilər. Göbələk xəstələrində mütləq mikoloji müayinə aparılmalıdır”, - o vurğulayıb.
H.Qarayeva bildirib ki, bu xəstəliklərə hər hansı bir şübhə yaranarsa dərhal həkimə müraciət edilməli, həkim-dermatoloqa göstərilməlidir:
“Yay aylarında daha çox tərləyən, immuniteti aşağı olan uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri də impetiqo xəstəliyidir. Bu xəstəliyin törədicisi stafilo-steptokoklardır, ən çox dərinin açıq nahiyələrində müşahidə olunur. Xəstəlik vaxtında müalicə olunmazsa, ciddi fəsadlar verə bilər. Müalicəsində antihistamin, vitaminlər, antibiotik və xaricə məlhəmlərdən istifadə olunur”.
H.Qarayevanın sözlərinə görə, dərinin irsi, xroniki xəstəliklərinin müalicəsi həkim müayinəsindən sonra təyin olunur:
“Dərinin bəzi xroniki xəstəliklərində günəş şüasından qorunmaq lazımdır (vitiligo, allergik dəri xəstəliklərində və s.)".
Vitiligo - Automin dəri patologiyasıdır, xəstəliyin əmələgəlmə səbəbləri müxtəlifdir. Xəstəlik dəriyə rəng verən melonin olmaması nəticəsində meydana gəlir, ləkələr ən çox dərinin açıq nahiyəsində yaranır. Xəstəliyin artmasının səbəbləri sırasında stress, günəş şüaları və travmanı göstərmək olar. Qarşısını almaq üçün stress, günəş şüalarından uzaq durmaq, qidalanmada pəhriz rejiminə ciddi əməl etmək lazımdır.
Dəri xəstəliklərindən allergik dermatitlər bəzi dərman preparatlarından, qida maddələrindən sonra meydana gəlir. İlk növbədə xəstəliyi törədən səbəbləri aradan qaldırmaq, daha sonra müalicəsini aparmaq lazımdır.
Çəhrayı dəmrov xəstəliyi isə yaz-payız aylarında daha çox rast gəlinir. Havanın dəyişməsi, infeksion-allergik mühitin yaranması nəticəsində əmələ gəlir, dəri səthində müxtəlif ölçülü çəhrayı ləkələr yaranır. Xəstələr daha çox qaşınmadan şikayət edirlər. Düzgün müalicə aparıldıqda sağalan xəstəlikdir”.
Həkim mütəxəssisimiz uşaqların dərisində yaranan bütün xəstəliklər zamanı mütləq şəkildə ərazi üzrə poliklinikalara müraciət etməyin vacibliyini də vurğulayıb:
“Ləkədir, yaranıb, keçər, gedər - deməyin. Həkimə müraciət edin! Biz dispanser şəraitində istənilən dəri xəstəliklərinin müayinə və müalicəsini həyata keçiririk. Uşaqlar bizim gələcəyimizdir. Sağlam gələcək naminə onların sağlamlığına biganə yanaşmayaq”.