Qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qeydiyyatı proseduru müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydasında qeyd edilib.
Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (“Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda göstərilən qida obyektləri və bu Qaydaya 2 nömrəli əlavədə göstərilən qeydiyyatı tələb olunmayan qida obyektləri və subyektləri istisna olmaqla), qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı ilə bağlı ərizədə və müvafiq sənədlərdə uyğunsuzluq və ya çatışmazlıq aşkar edilmədikdə, həmin qida obyekti (obyekt) və ya qida subyekti Agentlik tərəfindən ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən qeydiyyata alınır.
Qeydiyyataalınmadan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda imtina edilir. İmtina barədə qərar imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Qeydiyyatdan imtina olunması ilə bağlı Agentliyin müvafiq qərarı qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir. Ərizəçi imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınmış qida obyektinə, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektə qeydiyyat nömrəsi verilir, Reyestrə daxil edilir və Reyestrdən elektron və ya kağız formada çıxarış Agentlik tərəfindən ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron kabinetinə (mövcud olduqda) göndərilir.
Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınan qida obyektlərinin (obyektlərin) və qida subyektlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu dövlət nəzarəti tədbirləri çərçivəsində qiymətləndirilir.