Ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb.
“Report” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814‑ü oğlan, 52 806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
2022‐ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940‐ı oğlan, 57 906‐sı isə qızdır. Cinslər arasındakı fərq 7 034 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib.
2022‑ci illə müqayisədə keçən il cinslər arasındakı fərq azalıb, 7 034‑dən 7008‑ə düşüb.
Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır.
Statistika göstərir ki, abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub.