Vahid "Türktransplant" mərkəzinin yaradılması ilə bağlı təklifi Azərbaycan ötən il Özbəkistanda irəli sürüb.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, məqsəd 160 milyona yaxın əhalisi olan geosiyasi məkanın vətəndaşları üçün müəyyən tibb xidmətlərin əlçatanlığının artırılmasıdır:
"Avropada vahid transplantologiya üzrə təsisat mövcuddur. Düşündük ki, türk dövlətləri çərçivəsində belə təsisat yaradıla bilər. Bu, ilkin mərhələdə vahid informasiya mərkəzidir".
O bildirib ki, əhalisinə görə müxtəlif ölkələrdə donor sayı fərqlənir, ehtiyacı duyulan vətəndaşların sayı isə kifayət qədərdir:
"Belə bir vahid sistemin olması isə çarpaz transplantasiya imkanları yaradır. İnanırıq ki, gələcəkdə bu vahid orqanlara da şamil ediləcək".